2020-2023-cü illər üçün makroiqtisadi proqnozlar2020-2023-cü illər üçün makroiqtisadi proqnozlar

2020-2023-cü illərdə ÜDM, onun strukturu (mln. manatla), pay göstəriciləri (faizlə) və real artım templəri (faizlə)

Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bu gün yayımladığı büdcə layihələrinin təqdimatında ortamüddətli dövr üçün makroiqtisadi proqnozlar öz əksini tapmışdır.

2020-ci ildə ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) həcminin real ifadədə 3,0 faiz artaraq 83,3 milyard manata, o cümlədən qeyri-neft ÜDM-in həcminin isə real olaraq 3,8 faiz artaraq 54,6 milyard manata çatacağı proqnozlaşdırılır. Eyni zamanda, 2021-ci ildə qaz emalının kəskin artması nəticəsində neft sektorunun artımında əhəmiyyətli sıçrayış proqnozladırılmaqdadır. Bütövlükdə proqnozlara əsasən, 2023-cü ilə qədər ÜDM 97,7 milyard manata çatacaqdır. Qeyri-neft sektorunun inkişafının təmin edilməsi növbəti illərdə də əsas iqtisadi prioritetlərdən biri olmağa davam edəcəkdir. Ortamüddətli dövrdə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 66,8 faizə yüksələcəyi proqnozlaşdırılır.

2020-ci il üzrə cari əməliyyatlar balansında 2,2 milyard ABŞ dolları və ya ÜDM-in 4,5 faizi səviyyəsində profisit proqnozlaşdırılır ki, bu da maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtəcəkdir. Cari əməliyyatlar balansındakı profisit əsasən ticarət balansındakı profisitin hesabına formalaşacaqdır.

Ölkədən ixrac edilən malların həcminin ortamüddətli dövrdə orta hesabla 3,8 faiz artaraq, 21,0 milyard manata bərabər olacağı proqnozlaşdırılmışdır. Proqnozlara əsasən xarici ticarətdə idxalın səviyyəsi isə nisbətən daha aşağı templə (3,9 faiz) artacaqdır.

2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılsa da, sonrakı üç ildə artım sürətinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunması gözlənilir.

Bütövlükdə tədiyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcəkdir. Bu əsasda, 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır.

İnflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyinin qorunub saxlanılması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir göstərəcəkdir. Proqnozlara əsasən növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin real ifadədə orta hesabla 8,3 faiz artaraq 2023-cü ildə 80,3 milyard manata, xərclərinin isə 7,9 faiz artaraq 69,4 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır. Cari ildə əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilmiş tədbirlərin nəticəsində iqtisadiyyatın bütün sahələri üzrə orta aylıq əməkhaqqı səviyyəsinin 2020-ci ildə 15,5 faiz artımı gözlənilir.

2020-2023-cü illər üzrə əhalinin nominal gəlir və xərcləri (mlrd. manatla) və əməkhaqqı səviyyəsi (manatla)

Mənbə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Related Posts

Leave A Reply