“Bloomberg”in səhiyyə xidmətlərinin səmərəliliyi indeksi

Bloomberg adambaşına düşən səhiyyə xərcləri (müalicə-profilaktik tədbirlər, ailə planlaması, qidalanma və təcili tibbi yardım), ümumi səhiyyə xərclərinin ÜDM-də xüsusi çəkisi və gözlənilən orta ömür müddəti göstəriciləri əsasında hesablanan səhiyyə xidmətlərinin səmərələliyi indeksi üzrə əhalisi 5,0 milyon nəfərdən çox, adambaşına düşən ÜDM 5,0 min ABŞ dollarından çox və orta gözlənilən ömür müddəti 70 ildən çox olan ölkələrin rankinqini açıqlayıb. Maraqlısı budur ki, hesabata əsasən adambaşına düşən səhiyyə xərclərinə görə dünyada ilk üç yeri tutan İsveçrə (9818 ABŞ dolları, ABŞ (9536 ABŞ dolları) və Norveç (7464 ABŞ dolları) səhiyyə xidmətlərinin effektivliyinə görə rankinqdə ilk onluqda deyil, müvafiq olaraq 12, 54 və 11-ci yerlərdə sıralanmışlar. Əksinə rankinqə ilk yerləri tutan Honkonq və Sinqapurda adambaşına düşən səhiyyə xərcləri və ümumi səhiyyə xərclərinin ÜDM-də xüsusi çəkisi müvafiq olaraq cəmi 2222 və 2280 ABŞ dolları və 5,7% və 4,3% olsa da, səhiyyəyə çəkilən xərclər bu ölkələrdə daha yüksək gözlənilən orta ömür müddətini təmin edə bilmişdir. Başqa sözlə, bu ölkələrdə səhiyyə xidmətlərinin səmərəliliyi daha yüksək olmuşdur.

Rankinqdə növbəti yerləri İspaniya, İtaliya və Cənubi Koreya tutmuşdur. Həmçinin İsrael 6-cı, Birləşmiş Ərəb Əmirlikləri 10-cu, Türkiyə 26-cı, İran 39-cu, Qazaxıstan 44-cü, Rusiya 53-cü, Azərbaycan isə 54-cü sırada yer almışdır.

Səhiyyə xidmətlərinin səmərəliliyi indeksi 2015-ci ilin göstəriciləri əsasında hesablanmışdır. Hesabata əsasən, 2015-ci ildə Azərbaycanda adambaşına səhiyyə xidmətlərinə çəkilən xərclər 368 ABŞ dollar, ümumi səhiyyə xərclərinin ÜDM-də xüsusi çəkisi 6,7% və gözlənilən orta ömür müddəti isə 71,9 il təşkil etmişdir.

Related Posts