Qlobal iqtisadi vəziyyət və əsas tendensiyalar

Son dövrlər beynəlxalq ticarətdə cərəyan edən müharibələr, geosiyasi gərginliklərin güclənməsi qlobal investisiyalar və məcmu tələbin azalmasını şərtləndirməklə dünya iqtisadiyyatının artımına mənfi təsir göstərməkdədir.

Bununla əlaqədar, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən cari ilin sonuna proqnozlaşdırılan qlobal iqtisadi artım tempi 3,2 faizdən 3,0 faizə, 2020-ci il üzrə gözlənilən qlobal artım tempi isə 3,5 faizdən 3,4 faizə endirilmişdir.

Cari illə müqayisədə 2020-ci ildə nisbətən yüksək artım proqnozuna baxmayaraq, BVF bu proqnozun reallaşmasının bir sıra amillərdən, o cümlədən inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən bərpa və tənzimlənmə proqramlarının uğuru, habelə qlobal ticarətə dair mübahisələrin müvəffəqiyyətli həllindən asılı olacağını xüsusilə qeyd etmişdir. Bununla əlaqədar, 2020-ci ildə dünya iqtisadiyyatının artımının proqnozlardan daha aşağı olacağı istisna edilmir.

2020-ci ildə inkişaf etmiş ölkələrdə iqtisadi artımın 1,7 faiz, inkişaf etməkdə olan ölkələrdə isə 3,9 faiz olacağı gözlənilir.

Dünya iqtisadiyyatında artımın yavaşlaması bir sıra ölkələrin mərkəzi banklarının monetar siyasətdəki mövqelərində dəyişikliklər etməsini də şərtləndirmişdir. Belə ki, ötən ilin sonu və cari ilin əvvəlində mərkəzi bankların tədricən monetar sərtləşdirmə siyasətinə keçəcəyi gözlənilsə də, 2019-cu ilin iyun ayından başlayaraq bir sıra ölkələrdə faiz dərəcələrinin azaldılması və ya sabit saxlanılması barədə qərarlar qəbul edilmişdir.

İqtisadi artımın yavaşlamasına dair gözləntilər başlıca əmtəələrin, xüsusilə də əsas enerji daşıyıcılarından olan neftin qiymətlərinə mənfi təsir göstərir. BVF-in proqnozlarına əsasən, 2019-cu il üzrə neftin bir barelinin satış qiymətinin 2018-ci ilin göstəricisi olan 68,3 dollarla müqayisədə təqribən 9,6 faiz azalaraq 61,8 dollar, 2020-ci ildə isə 57,9 ABŞ dollarına bərabər olacağı gözlənilir.

 

Related Posts

Leave A Reply