“Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanması gündəmdə olan əsas vacib məsələlərdəndir. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, komitəyə daxil olan müraciətlərin böyük hissəsi tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı olub: “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq. Artıq Təhsil Nazirliyi, müvafiq nazirliklər ilə müəyyən söhbətlər aparırıq. Təhsil Nazirliyi bu istiqamətdə öz təkliflərini də hazırlayıb Maliyyə Nazirliyinə təqdim edib”.
Məsələni Azadinform-a şərh edən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ekspert Nadir İsrafilov bildirdi ki, qanunun qəbul edilməsində çox ləngiyirik: “Təhsil krediti ilə əlaqədar məsələ birinci dəfə deyil ki, gündəmə gətirilir. Hələ, 2000-ci ilin ilk beşilliyində Azərbaycanın Bolonya sisteminə qoşulması bu məsələni bir az da aktuallaşdırdı. Azərbaycanda ödənişli təhsil alan kifayət qədər tələbə var. Bütün bunları nəzərə alaraq, təhsil krediti haqqında qanun layihəsi hazırlandı. Bildiyim qədər, layihənin müzakirəsi zamanı kreditlərin maksimum 5 faiz dərəcəsi ilə ayrılması fikri irəli sürüldüyündən təklif sərfəli hesab olunmayıb. Çünki, ölkədə bankların faiz dərəcələri 17-34 faiz arasında dəyişirdi. Bu və digər səbəblərdən “Təhsil krediti haqqında” qanun layihəsi bir neçə dəfə Milli Məclisin iclaslarında müzakirələrə çıxarmasına baxmayaraq qəbul olunması bu günədək məqbul hesab edilməyib. Hər halda belə bir qanunun qəbul edilməsi ona imkan yarada bilərdi ki, tələbələr heç olmasa ödəniş vəsaitini əldə etməklə təhsil aldıqları müddətdə sosial qayğılardan müəyyən qədər uzaqlaşardılar. Təhsilini bitirib işlədikcə isə borclarını qaytarmaq imkanı əldə edə bilərdilər. Dövlətin də qazancı o olardı ki, ixtisaslı kadr hazırlanır, həmin tələbə fəaliyyət göstərdikcə, ölkənin inkişafına təbii ki, öz töhfəsini verəcək”.
“Son illər Azərbaycan təhsilində ödənişli formada təhsilin payının artması heç kəsə sirr deyil. Ali məktəblərdə təhsil alan hər üç tələbədən ikisi ödənişli təhsil alır. Amma təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəlirləri ilə müqayisədə çox yüksəkdir”, – deyən ekspert əlavə edib ki, ali məktəblərə yüksək bal toplayaraq qəbul olmaq şansı əldə edən minlərlə məzun maddi imkansızlıq ucbatından tələbə olmaq imkanından yararlana bilmir: “Ödənişlərin yüksək məbləği ixtisas seçiminə də təsirsiz ötüşmür. Başqa sözlə, imtiyazlı təhsil kreditləri verilmədiyindən ödənişli təhsil yeni sosial problem yaradıb. Ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi məqsədilə 2016-cı ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə 10 dövlət ali təhsil müəssisəsi tərəfindən “Maarifçi” Tələbə Kredit Fondu təsis edilib və fəaliyyətə başlayıb. Gənclər Fondu da bu sahədə nəzərəçarpacaq işlər görür. Lakin təəssüf ki, bu Fondlar o qədər də geniş dairəni əhatə etmir, burda da kifayət qədər baryerlər var ki, tələbələr müəyyən ümumi tələblərə cavab verməlidir”.
Nadir İsrafilov vurğulayıb ki, Azərbaycanda bankçılıqla məşğul olan sahibkarlar hələ o sistemə tam inanmır: “Bu tip kredit verməkdə banklar maraqlı olmur. Əgər tələbəyə kredit verilirsə, o tələbənin ödəmə qabiliyyətindən söhbət gedə bilməz. Bu gün bank qiymətləndirə bilməz ki, o tələbənin və ya gələcəyin mütəxəssisinin ödəmə qabiliyyəti hansı səviyyədədir. Buna görə də hesab etmək olar ki, təhsil krediti bazarının formalaşması mərhələsində dövlət himayəsi və dəstəyi mütləqdir. Təhsil krediti o növ kreditlərdən deyil ki, bu ay götürüb gələn aydan ödəməyə başlanılsın. Bir də ki, əgər ailənin aylıq, illik gəlirləri müvafiq şərtlərdə göstərildiyi kimi yüksək olarsa, kreditə nə ehtiyac ola bilər? Sosial yönümlü siyasət yürüdürük, neft kapitalını insan kapitalına çevirmək məqsədini qarşımıza qoymuşuq, ali təhsilin hamı üçün əlçatan olması kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə aparıcı dövlətlərlə rəqabət aparırıq, bu məqsədlə müvafiq balı toplaya bilməyən məzunlara ali məktəblərə daxil ola bilmələri üçün ikinci şans veririk, bir sıra universitetlərdə hazırlıq kurslarının açılmasını planlaşdırırıq, bununla belə yüksək bal toplayıb tələbə adını qazanan xeyli sayda məzunumuz imkansızlıq üzündən ali təhsil almaq hüququndan məhrum olur. Arzu olunardı ki, heç olmasa Qanun qəbul olunana qədər dünyanın bir sıra ölkələrində olduğu kimi imkanlı iş adamlarımız, kommersiya və biznes strukturlarımız da təhsilimizin bu vacib, taleyüklü məsələsinin həllinə ürəkdən qoşulsunlar, ümumi işimizin xeyrinə öz layiqli töhfələrini versinlər. Bu halda dövlət hesabına oxuyan ödənişsiz əsaslarla təhsil alan tələbələrə də təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər. Çünki, tələbələrimizin yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. bu kimi ehtiyac və təyinata görə kreditlərə böyük ehtiyacı var. Ümid edək ki, növbəti cəhd uğurlu alınacaq”.
Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Ramil Abbasov isə Qanunun hazırlanma mexanizmindən Azadinform-a danışıb: “Son illərdə təhsil sahəsində bir çox islahatlar aparılıb. Artıq təhsil kreditləri sahəsində də islahatın aparılmasının vaxtıdır. Dünya praktikasına əsasən dövlət və özəl qurumlar tərəfindən tələbələrə maliyyə dəstəyi müxtəlif yollarla verilir. Bu dəstəklər təqaüd, yaşayış xərcləri üçün tələbə krediti, təhsil haqqı üçün tələbə krediti, yaşayış və qidalanma üçün maliyyə dəstəyi və subsidiya ilə bəzi xidmətlərin göstərilməsi şəklindədir. Tələbələrin valideynləri övladlarının təhsili üçün etdikləri xərclərin müəyyən hissəsi vergidən azad edilir. Bu ümumi dəstək xaricində tələbələr digər təhsil və yaşayış xərclərini özləri ödəməlidirlər. Bunun üçün də dövlət və ya özəl müəssisələrdə tələbə qanunvericilikdə müəyyən edilmiş qaydada işləyərək pul qazana bilər. Həmin müəssisələrə tələbəyə dəstək olduğuna görə müəyyən güzəştlər verilə bilər. Ümumiyyətlə, tələbənin təhsil kreditini ödədiyinə görə fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq himayəsinə götürdüyü tələbəyə görə bir sıra vergi və digər imtiyazlar vermək olar ki, bu da əlavə stimul verəcək həmin şəxslərə. Yəni bu imtiyazdan yararlanmaq üçün öz himayələrinə tələbə xərclərini götürəcəklər. Bütün bunlara nəzarət edən bir qurum da lazımdır ki, dərs ili sonunda həmin tələbələrin dərs davamiyyəti və qiymətləri haqqında məlumat alaraq il sonuna həmin tələbəyə dəstəyinin davam edilməsi üçün qərar versin. Hətta həmin imtiyazları tələbənin dərslərdə aldığı qiymətlərə əsasən də qruplara bölmək olar. Misal üçün, daha yaxşı qiymətləri olan tələbəyə daha aşağı faizlə kredit verilməsi və.s. Təhsil krediti ayırmış müəssisələrdə yay aylarında həmin tələbələrin işləməsi ilə götürülmüş kreditin bir hissəsini bu yolla geri qaytara bilər. Bu tələbəni də həvəsləndirəcək ki, o da daha yaxşı oxusun. Düşünürəm bu yolla təhsilə də daha çox maraq yaratmaq olar”.
Ekspert qeyd edib ki, dövlət və özəl universitet tələbələri arasında heç bir fərq qoymadan istənilən mərhələ və səviyyədəki proqramlarda iştirak edən tələbələrə kreditlər verilə bilər: “Kreditin necə veriləcəyi cavabdeh qurum tərəfindən təşkil edilir. Bu tənzimləmə tələbənin kimdən və necə faydalanacağını özündə ehtiva edir. Təhsil krediti alacaq tələbələrin sayı qurum tərəfindən müəyyən olunaraq əldə edilən müvəffəqiyyətə görə kreditin aylıq məbləğini təyin etmək səlahiyyətində olur. Təhsili davam etdirmək şərti ilə və təhsil almaq üçün heç bir maneə olmadığı təqdirdə davam etdiyi təhsil müəssisəsində təhsil müddətində tələbəyə kredit verilə bilər. Kreditin davamı tələbənin uğurundan asılıdır. Kredit alan tələbələrin müvəffəqiyyət şərtləri hər il sentyabr ayında təhsil müəssisələrindən tələb olunur. Ali təhsil müəssisələri müvəffəqiyyətsiz olduğu aşkarlanan tələbələrə səlahiyyətli orqanlar tərəfindən müəyyən edilmiş kreditlərə uyğun olaraq hər il ən azı oktyabr ayında məlumat verirlər. Təhsil müəssisələri tərəfindən müvəffəqiyyətsiz olduğu bildirilən tələbələr üçün təyin edilən kredit yenidən verilmir. Və ya yaxud müəyyən müddət təyin etmək olar ki, həmin müddətdən sonra dərslərdən aldığı qiymət düzəltdikdən sonra müəyyən şərtlər altında yenidən müraciət edə bilər. Ümumilikdə isə əgər daha yaxşı təhsil vermək istəyiriksə, tələbələrə tələbə kartları vasitəsilə bir çox sahələrdə imtiyaz verərək ölkədə bir çox iqtisadi subyektləri müəyyən formalarda cəlb etmək olar. Məsələn, ümumi nəqliyyat vasitələrini, otel, restoran, turizm sahələrini, hava limanlarını və.s. Bölüşdürülmüş və ya birgə formasında da kredit vermək olar. Belə ki tələbə kreditini universitet, müəssisə və tələbə arasında bölmək olar. Bu halda hər üç tərəf qanunvericiliyin müəyyən edəcəyi formalarda yararlanmış olacaq. Sonda onu da bildirim ki, yuxarıda qeyd etdiklərimi bu məsələdə maraqlı olan tərəflərlə müzakirə edərək başqa alternativ variantlara da baxmaq olar”.
