Müsahibədə Cənub regionunun iqtisadi inkişaf səviyyəsini dəyərləndirmək üçün iqtisadi rayonun bir sıra sosial-iqtisadi göstəricilərinə nəzər salınmışdır.
Lənkəran şəhəri və Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad inzibati rayonlarından ibarət olan Lənkəran iqtisadi rayonunun ərazisi (6,07 min km2)) ölkə ərazisinin 7%-ni, əhalisinin sayı isə (1 yanvar 2018-ci il tarixinə 927,7 min nəfər) ölkə əhalisinin 9,4%-ni təşkil edir.
İqtisadi rayonun əhalisinin böyük hissəsi, 73,1%-i kəndlərdə, 26,9%-i isə şəhərlərdə yaşayır. Dövlət Statistika Komitəsinin 2018-ci ilin əvvəlinə olan məlumatına əsasən iqtisadi rayonun əhalisinin 50,5%-ni kişilər, 49,5%-ni isə qadınlar təşkil edir. Həmçinin qeyd olunmalıdır ki, Lənkəran iqtisadi rayonunda əhalinin 26,9%-i yaşı 14-29 olan gənclərdir.
Lənkəran iqtisadi rayonunun əmək bazarının əsas sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, iqtisadi rayonda 2017-ci ildə əhalinin 46,3%-i və ya 429,5 min nəfəri məşğul əhali kateqoriyasına aid edilmişdir ki, bu da ölkə üzrə ümumi məşğul əhalinin 8,9%-dir. 2017-ci ildə iqtisadi rayonda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 287,8 manat təşkil etmişdir ki, bu da 2000-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 5 dəfə çox olsa da, bu da ölkə üzrə orta göstəricidən (528,5 manat) 83,6% aşağıdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən Lənkəran iqtisadi rayonunda 2017-ci ildə 20 253 daimi olmaqla cəmi 28 524, 2018-ci ilin birinci rübü ərzində isə 2 605 daimi olmaqla 4 490 yeni iş yeri açılmışdır. Bu iqtisadi rayonun 2018-ci ilin I rübü ərzində Azərbaycanda yeni açılmış iş yerlərinin ümumi sayında xüsusi çəkisi 10,3%, yeni açılmış daimi iş yerlərinin ümumi sayında isə xüsusi çəkisi 7,5% təşkil etmişdir.
Həmçinin, 2018-ci ilin birinci rübü ərzində Lənkəran iqtisadi rayonunda 92 yeni müəssisə və təşkilat yaradılmışdır ki, bu da həmin dövrdə ümumi ölkə üzrə yaradılan müəssisə və təşkilatların cəmi 3%-ni təşkil edir. Yeni açılan iş yerləri əsasən mövcud olan müəssisə və təşkilatlar tərəfindən təklif olunmuşdur.
Lənkəran iqtisadi rayonunun iqtisadiyyatının əsasını aqrar-sənaye kompleksi və turizm təşkil edir. Ölkə iqtisadiyyatında həyata keçirilən iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, sahibkarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini göstərməyə başlamışdır. Belə ki, Lənkəran iqtisadi rayonunun cari qiymətlərdə ümumi məhsul buraxılışının həcmi 2007-ci illə müqayisədə 3,1 dəfə artaraq 2017-ci ildə 1,88 milyard manata çatmışdır. Lakin qeyd olunmalıdır ki, hələ də ölkə üzrə ümumi məhsul buraxılışında bu iqtisadi rayonun payı (2,3%) ümumi məşğul əhalinin 8,9%-nin bu regionda məskunlaşdığını nəzərə aldıqda aşağıdır. Basqa sözlə, regionda məskunlaşmış ümumi məşğul əhalinin 8,9%-i ümumi məhsul buraxılışının cəmi 2,3%-ni təmin edir. Bununla yanaşı, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2017-ci ildə 2026,5 manat olmuşdur ki, bu da ölkə üzrə müvafiq göstəricidən (7205,0 manat) 3,6 dəfə aşağıdır. Ümumi və adambaşına düşən məhsul buraxılışının ölkə üzrə müvafiq göstəricilərdən aşağı olmasının əsas səbəbi ölkə iqtisadiyyatında neft və qaz sektorunun rolu və bu sahənin də daha çox Bakı və Abşeron iqtisadi rayonunda cəmləşməsi ilə bağlıdır. Bununla belə, Lənkəran iqtisadi rayonunda mövcud potensial imkanlardan və resurslardan istifadə edərək bu fərqi azaltmaq və məhsul buraxılışını potensial həddə çatdırmaq olar.
Lənkəran iqtisadi rayonu həmçinin zəngin rekreasiya-kurort ehtiyatlarına malikdir ki, bunların da əsasını çoxlu soyuq və isti mineral bulaqlar təşkil edir. İqtisadi rayonun mineral bulaqlarının müalicəvi xüsusiyyətləri vardır. Təkcə Astara rayonu ərazisində 20-yə qədər mineral bulaq var.
İqtisadi rayonun əlverişli təbii iqtisadi şəraiti burada kənd təsərrüfatının inkişaf etməsinə əhəmiyyətli təsir edir. Rayonun sənayesi bitkiçilik və balıqçılıq məhsullarının emalına əsaslanır. Rayonda əhalinin əsas məşğul olduğu sahələrdən biri əkinçilikdir. Kənd təsərrüfatının strukturunda faraş tərəvəzçilik, çayçılıq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir. Əkin sahələrinin əksəriyyəti dəmyə şəraitində becərilir. Bu da məhsuldarlığın aşağı düşməsinə, bu sahəyə olan diqqətin ildən-ilə azalmasına səbəb olur. İqtisadi rayon ərazisində yüksək keyfiyyətli kartof, çuğundur, tərəvəz və digər məhsulların yetişdirilməsi, bağçılığın inkişaf etdirilməsi, ekoloji cəhətdən təmiz məhsulun əldə edilməsi, sakinlərin torpağa bağlılığının artırılması üçün suvarma-meliorasiya sisteminin təkmilləşdirilməsinə ehtiyac var.
Lənkəran iqtisadi rayonunda xüsusilə intensiv bağçılıq (sitrus və subtropik bitkilərin əkini), texniki bitkilik (çayçılıq, üzümçülük), dənli bitkiçilik (taxıl), tərəvəzçilik və bostançılıq, heyvandarlıq, sənaye quşçuluğu, arıçılıq (o cümlədən balın sənaye üsulu ilə emalı və qablaşdırılması) kimi sahələrin inkişaf perspektivləri var.
Mövcud coğrafi mövqe və təbii şəraiti nəzərə aldıqda Lənkəran iqtisadi rayonunda iqtisadiyyatın digər prioritet sahələri kimi turizm sektorunu, yeyinti sənayesini (meyvə-tərəvəz emalı, ət və süd emalı, üzüm emalı (o cümlədən şərabçılıq), çörək, un və qənnadı məmulatı istehsalı), yüngül sənayeni (tikişçilik), mineral tikinti xammalına (qum, çınqıl) əsaslanan tikinti materialları istehsalını, ağac emalı və mebel istehsalını və logistikanı qeyd etmək olar. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanı İranla əlaqələndirən magistral şosse və dəmir yollarının bu ərazidən keçməsi, həmçinin şərqdən Xəzər dənizi, qərbdən və cənubdan İranla həmsərhəd olması Lənkəran iqtisadi rayonunun cografi mövqeyinin çox əlverişli və Azərbaycan dövləti üçün vacib olmasına şərait yaradır.
