Beynəlxalq Valyuta Fondu (BVF) “Dünya iqtisadiyyatının inkişaf prespektivləri” (“World Economic Outlook”) nəşrinin oktyabr buraxılışını təqdim etmişdir. Hesabata əsasən 2018-2019-cu illərdə qlobal artım tempinin 2017-ci il səviyyəsində (3,7%) qalacağı proqnozlaşdırılır ki, bu da BVF-nin cari ilin aprel ayında təqdim etdiyi proqnozdan 0,2 faiz bəndi aşağıdır. İnkişaf etmiş ölkələrin iqtisadiyyatlarının 2018-ci ildə 2,4%, 2019-cu ildə 2.1% artacağı, həmçinin 2020-ci ildə artım tempinin 1,7%-ə düşəcəyi proqnozlaşdırılır.
BVF Azərbaycanda real ÜDM artımının 2018-ci ildə 2017-ci ildəki 0,1% səviyyəsindən 1,3%-ə, 2019-cu ildə isə 3,6%-ə yüksələcəyini, inflyasiyanın 2017-ci ildəki 13% səviyyəsindən 2018 və 2019-cu illərdə müvafiq olaraq 3,5% və 3,3%-ə düşəcəyini, həmçinin cari əməliyyatlar balansının ÜDM-də xüsusi çəkisinin 2017-ci ildəki 4,1% səviyyəsindən 2018 və 2019-cu illərdə müvafiq olaraq 6,6% və 8,1% səviyyələrinə yüksələcəyini və işsizliyin 5% səviyyəsində qalacağını proqnozlaşdırmışdır.
