Spektr Araşdırma və İnkişaf Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycanda açıq hökumətin təşviqi sahəsində həyata keçirilən islahatlar çərçivəsində maliyyə şəffaflığının təmin edilməsi və ölkənin Açıq Büdcə İndeksində mövqeyinin yaxşılaşdırılması” ilə bağlı hesabat hazırlanmışdır

Maliyyə hesabatlılığının və şəffaflığın təmin edilməsi Açıq Hökumətin əsas prinsiplərindən biridir. Büdcə məlumatlarının ictimaiyyətə açıqlığının və şəffaflığın təmin edilməsi Azərbaycanda da Açıq Hökumətin təşviqinə dair islahatların əsas istiqamətlərindən birini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci hissəsində bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Son illər ölkəmizdə müvafiq dövlət qurumları tərəfindən dövlət maliyyəsinin idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Bununla belə bu sahədə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasına ehtiyac var.

Büdcə şəffaflığı və hesabatlılığına dair əsas diaqnostik qiymətləndirmə alətlərindən biri də Açıq Büdcə Sorğusudur. Açıq Büdcə Sorğusu üzrə hesabat hər iki ildən bir ABŞ-da yerləşən Beynəlxalq Büdcə Tərəfdaşlığı (International Budget Partnership) Təşkilatı tərəfindən hazırlanır və dərc olunur. Sorğuda qiymətləndirilməsi nəzərdə tutulan 145 sualdan 109-u büdcə məlumatlarının ictimaiyyətə açıqlığını (Açıq Büdcə İndeksi), 18-i ictimaiyyətin büdcə prosesində iştirakını, 18-i isə Parlamentin (Milli Məclis) və ali audit orqanının (Hesablama Palatası) bu məsələdə rolunu dəyərləndirir. Sonuncu – 2019-cu il üzrə sorğunun nəticələrinə əsasən Azərbaycanın Açıq Büdcə İndeksi üzrə göstəricisi 35 bal olmuş, ölkəmiz ümumi reytinqdə 117 ölkə arasında 81-ci yerdə qərarlaşmış və minimum büdcə açıqlığı  səviyyəsinə malik olan ölkələr qrupunda yer almışdır. Açıq Büdcə Sorğusunun metodologiyasına əsasən 61 bal və ya daha çox nəticə adekvat göstərici hesab olunur.

Vətəndaşların büdcə məlumatlarına əlçatanlığının artırılması, büdcə prosesinin şəffaflığının artırılması və dövlət maliyyəsi sahəsində hesabatlılığın gücləndirilməsi nəticə etibarilə Açıq Büdcə İndeksində də reytinqimizin yaxşılaşmasına xidmət edəcəkdir.

Bu məqsədlə Spektr Araşdırma və İnkişaf Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə  “Azərbaycanda açıq hökumətin təşviqi sahəsində həyata keçirilən islahatlar çərçivəsində maliyyə şəffaflığının təmin edilməsi və ölkənin Açıq Büdcə İndeksində mövqeyinin yaxşılaşdırılması” layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində Açıq Büdcə Sorğusu metodologiyasının dərindən öyrənilmiş və həmin metodologiya əsasında ölkədə büdcə məlumatlarının ictimaiyyətə açıqlıq səviyyəsinin qiymətləndirilməsi və çatışmazlıqların aradan qaldırılması, eləcə də Açıq Büdcə İndeksində ölkəmizin mövqeyinin yaxşılaşdırılması ilə bağlı təklif və tövsiyələr hesabat formasında təqdim olunmuşdur.

Related Posts